“Pocketbook” layihəsinə start verildi
2021.06.11
Layihə haqqında
“SOCAR Türkiyə” şirkəti korporativ sosial məsuliyyət çərçivəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) birgə təşkilatçılığı ilə “Pocketbook” layihəsinə başladı. Böyük Britaniyada nəşr edilən və oxucuları tərəfindən böyük maraqla qarşılanan “İdarəetmə kitabları” (“Management Pocketbooks”) seriyasına daxil olan 103 kitab Azərbaycan dilinə tərcümə ediləcək. Tərcümə və redaktə işləri tamamlandıqdan sonra dizayn işləri də həyata keçiriləcək və kitablar www.pocketbook.az saytında elektron formatda pulsuz istifadəyə veriləcək.
Layihənin məqsədi azərbaycandilli oxuculara idarəetmə və liderlik üzrə bilik və bacarıqları təkmilləşdirmək imkanı yaratmaqdan ibarətdir. Əsas hədəf sosial fayda, ictimaiyyətə dəstək və korporativ maariflənməni təmin etməkdir. Kitablar 4 il ərzində müəyyən ardıcıllıqla Azərbaycan dilinə tərcümə ediləcək. Bu günə qədər “Strategiya”, “Marketinq” və “Vaxtın idarə edilməsi” kitabları artıq sayta yüklənmişdir, “Büdcələrin idarə edilməsi” və “Müştəri xidməti” kitabları isə tezliklə hazır olacaq.
Kitablar həm texniki (layihələrin idarə edilməsi, marketinq və bazar araşdırması, büdcənin tərtib edilməsi, maliyyə və s.), həm də qeyri-texniki (müştəri xidmətləri, komandanın qurulması və komanda fəaliyyəti, qərarların qəbul edilməsi, yazılı və şifahi ünsiyyət, təqdimatların təşkili və aparılması və s.) bilik və bacarıqları əhatə edir.
“İdarəetmə kitabları” seriyası yalnız müəyyən ixtisas sahibləri və müvafiq sahə üzrə çalışanlar üçün nəzərdə tutulmayıb. İş dünyasına maraq göstərən, yeni başlayan və ya hər hansı sahədə özünü sınamaq istəyən hər kəs, hətta tələbələr və ali təhsili olmayanlar da bu kitablardan yararlana bilərlər.
Layihənin açılış tədbiri
Layihənin açılış tədbiri dövlət rəsmiləri, sahibkarlar və media nümayəndələrinin iştirakı ilə 10 iyun 2021 tarixində Bakıda həyata keçirildi. Tədbirdə AZPROMO-nun rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev, “SOCAR”-ın Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyev, “SOCAR Türkiyə”-nin Neft Emalı və Petrokimya Qrupu üzrə Baş Maliyyə direktoru Elçin İbadov çıxış edib və layihə haqqında məlumat veriblər. Daha sonra “SOCAR Türkiyə”-nin Rəqəmsal Transformasiya Qrup müdürü Səməd Səfərov layihənin məqsədi və məzmunu haqqında təqdimat göstərib və saytın canlı nümayişini həyata keçirib.
Layihənin idarə heyətində Ramil Babayev və Rəşad Mustafayev də yer alır. Layihə komandasında isə Samir Ağabalayev, Amail Məmmədova və eləcə də, Türkiyə vətəndaşları Burcu Kulu və İzzet Karademir var.
Tədbirdən fotoşəkilləri və video reportajları aşağıdaki keçidlərdə izləyə bilərsiniz:

